Ukraynalıların Azərbaycan rekordu təkrarlandı

16:51 30 Aprel 2023

“Sabah” Azərbaycan Premyer Liqasının 32-ci turunda “Şamaxı”nı qəbul edib.

 

Sportarena.az xəbər verir ki, Bakı klubu Aleksey Kaşukun 8-ci dəqiqədəki qolu ilə 1:0 hesablı qələbə qazanıb.

 

Bu, ukraynalı legionerin cari mövsüm rəqib qapısından keçirdiyi 15-ci top olub. Kaşuk bununla da Azərbaycan çempionatları tarixində bir mövsümdə ən çox qol vuran ukraynalı futbolçu adına şərik çıxıb.
O, Leonid Kalfaya məxsus rekordu təkrarlayıb. “Neftçi”də çıxış etmiş ukraynalı 1998/99 mövsümündə eyni məhsuldarlıq nümayiş etdirib. Kalfa həmin vaxt 24 oyun keçiribsə, Kaşuk 27-ci matçında 15-ə çatıb.

 

Bir mövsümdə ən çox qol vuran ukraynalı legionerlərin siyahısında rekordçuların ardınca 12 dəfə fərqlənən Viktor Kulikov (“Şəmkir”, 1999/2000) və Vladimir Mazyar (“Simurq”, 2008/09) yer alıb.


Digər xəbərlər

Xəbər xətti