Azərbaycan yığması Ermənistandakı Avropa birinciliyinin əvəzinə Afrika çempionatında yarışacaq - EKSKLÜZİV

13:20 1 May 2023

Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər.

 

Sportarena.az "report"a istinadən xəbər verir ki, atletlər 11-20 may tarixlərində Tunisdə baş tutacaq qitə birinciliyində qüvvələrini sınayacaqlar.

 

Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb.

 

AAAF-nin mətbuat xidməti “Report”un sorğusuna cavabında məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib.


Digər xəbərlər

Xəbər xətti