Şahin Diniyev: “Mübarizə aparmadan uduzmaq çox pisdir”

20:47 1 May 2023

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 32-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Qəbələ”ni təbrik edirəm. İlk 45 dəqiqədə komanda bacardığını göstərə bilmədi. Kimin nə etdiyini bilmək olmurdu. Erkən dəyişikliklərə getdik. Oyunun axarını dəyişə bildik. Hücumlarımız davam edirdi. İkinci hissədə komandam xarakter göstərdi. Bir xal qazanmağa yaxın idik. Amma ilk hissədəki bərbad oyunumuz buna imkan vermədi. Fasilədə oyunçularla çox emosional şəkildə söhbət etdim. “Qəbələ” çox asan şəkildə oynayırdı. Uduza bilərsən, amma mübarizə aparmayıb uduzmaq çox pisdir. Futbolçularla sərt danışığım oldu. İlk hissədə komandamı tanımırdım. Buna qədər olan oyunlarda belə deyildilər. Motivasiya baxımından onlara hər şey demişdim. Hər matç bizim üçün finaldır. Ola bilər ki, futbol alınmasın. Amma mübarizə də yox idi. Məni ən çox məyus edən budur. Oyun alınmırsa, heç olmasa, vuruşmaq lazımdır. İkinci hissədə “Səbail” üzünü göstərdi.

Mərkəzdə oyunu uduzurduq. “Qəbələ” sanki uşaqlarla oynayırdı. Ona görə dəyişiklik etdim. Elmir Tağıyev yaxşı futbolçudur. Amma bu gün oyunu alınmadı. Sarı vərəqəsi də var idi. Bunu nəzərə alıb onu əvəzlədim. Futbolçu emosional idi, hər hərəkətə hazır idi. Mən həmişə oyundan çıxan futbolçularla görüşürəm. Amma Elmirin durumunu nəzərə alıb, ona yaxın getmədim. Həmin anda özünü idarə edə bilmirdi. Çox məyus idi. Mən onunla görüşmədim, o mənimlə yox.

Bizim heyət o qədər geniş deyil. 17 gün ərzində 5 oyun keçirdik. Bilirdim ki, ehtiyat qüvvəmiz çatmayacaq. 27 futbolçum var. Hamıya eyni yüklənmə veririk. Kizito zədədən sonra bir az geriləyib. Neçə dəfə şans vermişəm, alınmır. Məşqdə də görürdüm ki, Mirabdulla daha yaxşıdır. Buna görə də ona şans verdim.

Qarşıdakı 3 oyundan maksimum yararlanmağa çalışacağıq. Bu görüşlərdə qələbə qazana bilərik. Son tur adətən lotoreyadır. Hər iki komanda basqı altında olacaq. Meydanda futbol yox, mübarizə gedəcək. Minimum 30 xalla çempionatda qalmaq olar”.


Digər xəbərlər

Xəbər xətti