Azərbaycanın para-pauerliftinq idman növü üzrə milli komandası ilk dəfə keçirilən komanda növü yarışında gümüş medal əldə ediblər.
Sportarena.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda yığmamızın üzvləri (Zəhra Dadaşova, Pərvin Məmmədov, Ceyhun Mahmudov) komanda yarışında 114.88 xal toplayaraq dünya kubokunun gümüş medalını qazanıblar.
Komandamızı yarışda yalnız Ukrayna millisi qabaqlaya bilib. Millimiz mötəbər yarışda Qazaxıstan, Tayland, Moldova komandalarını üstələyib.
Beləliklə, 8 idmançı ilə təmsil olunduğumuz dünya kubokunu para-pauerliftinqçilərimiz 7-si qızıl, 4-ü gümüş, 1-i bürünc olmaqla toplam 12 medal ilə başa vurublar.