Ayxan Abbasov: "Bizim üçün mövsümü 6-cı yerdə bitirmək xoş olar"

23:41 1 May 2023

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 32-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün önəmli oyun idi. Kubokda məğlub olandan sonra futbolçuları bu matça kökləmək çətin idi. Kuboka daha çox motivasiya olmuşduq. Qışdan bəri bir az stressdə idik. Final oynamağı çox istəyirdik. Qısa vaxtda futbolçularımız köklənə bildilər. Gərgin oyun oldu. “Zirə”yə qalib gələ bilməmişdik, üç oyunda da məğlub olmuşduq. Bilirdik ki, Zirə səfəri çox çətindir. Burada hər kəs xal qazana bilmir. Maraqlı, dinamik oyun oldu. Penaltilər verildi, ləğv olunanlar oldu. Əsas odur ki, oyundan qopmadıq. Futbolçularımız standart vəziyyətləri yaxşı dəyərləndirdilər. Premyer Liqada qalmaq üçün vacib 3 xal idi. Mövsüm başlayandan 6-cı yerdə gedirik. Bizdən təcrübəli komandalar var ki, bu yeri istəyir. Bizim üçün mövsümü 6-cı yerdə bitirmək xoş olar. Amma rəqiblərimizin də şansı var. Qarşıda çətin oyunlar var. Bu 4 matç bizim gələcəyimiz üçün vacibdir. Komandamı təbrik edirəm, azarkeşlərimizə də təşəkkür edirəm. Rəhbərliyə təşəkkür etmək istəyirəm ki, komandanın bu çətin durumunda futbolçulara dəstək oldular.

Bu futbolçuların üstünə çox gedə də bilmərəm. Onlar klubun büdcəsi bilinməyəndə gəlib oynayıblar. Bu gün heç bir narazılıq etmirlər. Çünki, bu xalları yığan da onlardır. Bəli, bəzi futbolçularla danışıqlarımız olub, razılaşmışıq. Bəziləri gözləmə mövqeyində qalıb. “Qarabağ”da, “Neftçi”də də önəmli futbolçular var ki, hələ gözləyirlər. Bu, o demək deyil ki, o futbolçular qalmaq istəmirlər. Bizim də bəzi oyunçular gözləmək istədilər. Normal qarşıladıq. Amma heç bir futbolçu ilə pul söhbətimiz olmayıb. Bəzi oyunçuların performansı aşağı düşə bilər. Son vaxtlar Natan Oduvanın adı çəkilir. Bu gün gördüz ki, Natan ən yaxşılardan idi. Biz və bizdən aşağıda olan komandalarda bir şey çatmır, o da stabillikdir. Hansısa futbolçu olmayanda onu əvəz etmək çətin olur. Bu gün oyunçularımızdan razıyıq. Elə böyük problem yoxdur. Vaxtımız da var. Kim istəsə, razılaşacağıq.

Futbol belədir ki, bir matçda zəif oynayanda o müzakirə olunur. Sanki, bir ildir zəif oynayırıq. Bu da normaldır. Uduzanda səni tərifləməyəcəklər. Ümumi götürsək, bizim yaxşı oyunlarımız çox olub. “Qəbələ”dən, “Neftçi”dən xallar almışıq, səfərdə “Sabah”ı məğlub etmişik. İkinci beşlikdə də “Sumqayıt”dan başqa digər rəqiblər qarşısında üstünlüyümüz var. Zəif oyunlarımız da olub. Bunu bilirik. O matçları da yaxşı oynasaydıq, yuxarı pillələrdə olardıq”.


Digər xəbərlər

Xəbər xətti