PSJ-nin hücumçusu Lionel Messi komandanın baş məşqçisi Kristof Qaltye və idman direktoru Luis Kamposdan Səudiyyə Ərəbistanına getməyə razılıq almayıb.
Sportarena.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
35 yaşlı argentinalı forvard Fransa Liqa 1-in 33-cü turunda “Loryan”a uduzduqları (1:3) oyundan 3 saat sonra Səudiyyə Ərəbistanına uçmuşdu.
Məlumatda deyilir ki, parisli futbolçulara yalnız “Loryan” üzərində qələbə olduğu halda bir günlük istirahət verilməsi nəzərdə tutulub. Məğlubiyyətə görə həftəsonu istirahəti ləğv edilib və Messinin bütün komanda yoldaşları oyunun ertəsi gün səhər məşq ediblər. Onların bəzilərinin Messinin gedişindən şoka düşdüyü qeyd edilir.
Messinin PSJ ilə müqaviləsi bu yay başa çatır. Argentinalı hücumçu bu mövsüm bütün yarışlarda 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.