“Kəpəz” yenə Gəncədə oynamayacaq

16:49 4 May 2023

“Kəpəz” növbəti ev oyununu da Gəncədə keçirməyəcək. Şəhər stadionunun qazonunun vəziyyəti tam qaydasında olmadığı üçün Peşəkar Futbol Liqası “Sabah”la mayın 5-də keçiriləcək 33-cü tur matçının da Qəbələdə oynanılmasına qərar verib.

 

Sportarena.az xəbər verir ki, Gəncə stadionunun qazonunun vəziyyəti ilə əlaqədar “Kəpəz”in “Turan Tovuz” və “Sumqayıt”a qarşı ev oyunlarının doğma meydanda keçirilməsinə icazə verməmişdi. O zaman deyilmişdi ki, növbəti matçlarla bağlı əlavə qərar olacaq, açıqlama veriləcək. İndi isə turun afişası açıqlanıb və “Sabah”ın Qəbələyə səfər edəcəyi aydın olur. PFL rəsmi açıqlama vermədən bu barədə qərar qəbul edib.

 

“Kəpəz”dən aldığımız məlumata görə, PFL nümayəndələri Gəncə stadionuna baxış keçirib və oyunun burada reallaşmasına razılıq verməyib. Klub rəhbərliyi indi mövsümün son ev oyununa – 35-ci turun “Neftçi” ilə qarşılaşmasını doğma şəhərdə təşkil etməyə çalışır. Ancaq bu barədə qərar müzakirələrdən sonra veriləcək.

 

Belə ki, qazona qulluq edən mütəxəssislər növbəti mövsümdə problemlə qarşılaşmamaq üçün yeni salınmış qazonda otun bərkiməsini istəyir. Burada matç keçirilərsə, sonradan fəsadları üzə çıxa bilər. Düzdü, yeni qazon artıq bir dəfə biçilib və oyun keçirilməsi mümkündür. Lakin gələcəkdə eyni problemlərlə üz-üzə qalmamaq üçün mövsümü Gəncədən kənarda başa vurmaq məsləhətdir.


Digər xəbərlər

Xəbər xətti