Ən qoca çempion

14:20 5 May 2023

Luçano Spaletti İtaliya çempionatının tarixinə düşdü. Təcrübəli mütəxəssis çoxdan gözlənilən uğurunu dünən rəsmiləşdirdi.

 

Sportarena.az xəbər verir ki, “Napoli” A Seriyasının 33-cü turunda səfərdə “Udineze”yə uduzmamaqla (1:1) rəqibləri ilə xal fərqini əlçatmaz həddə qaldırdı və tarixində 3-cü dəfə çempion oldu. Qızıl medallara erkən sahib çıxan komandanın baş məşqçisi Spaletti də həytında ilk skudettonu əldə etdi.

 

Luçano bu uğura 64 yaş 58 günlüyündə nail olmaqla həm də ən qoca çempion məşqçyə çevrildi. Dünənədək A Seriyasında bu rekord Mauritsio Sarriyə məxsus idi. 2019/20 mövsümündə “Yuventus”la çempion olan məşqçi o vaxt 61 yaş 203 günlüyündə idi.

 

Bu, Spalettinin karyerasında 8-ci tituldur. O, əvvəllər “Roma” ilə iki dəfə İtaliya Kubokunu, bir dəfə Superkuboku qazanıb. “Zenit”lə 2 dəfə Rusiya çempionu olan məşqçi, sankt-peterburqlulara ölkə kuboku və superkubokunu da bəxş edib.


Digər xəbərlər

Xəbər xətti