Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges yenə Karlo Ançelottidən danışıb. Ölkənin milli komandasına baş məşqçi təyinatına tələsməyən, yığmanı müvəqqəti çalışdırıcıya etibar edən futbol funksioneri italiyalını gözlədiklərini etiraf edib.
Sportarena.az xəbər verir ki, Ednaldo Rodriges milli komanda üçün əsas namizədlərinin məhz Ançelotti olduğunu bildirib:
“Karloya təklifimizi etmişik. Amma gəlib-gəlməyəcəyini bilmirik. Daha bir müddət gözləməliyik. O, bizim A planımız, əsas namizədimizdir, alınmasa, digər namizədlərə yönələcəyik. İtaliyalının favorit namizədimiz olmasını gizlətmirəm”.
Hazırda “Real”a rəhbərlik edən Karlo açıqlamalarında Braziliyadan təklif olduğunu bildiyini, amma heç kimlə danışmadığını demişdi. Onun Madriddəki taleyi yayda bəlli olacaq. Komanda Çempionlar Liqasını qazanmasa, rəhbərlik baş məşqçi dəyişikliyi edə bilər. Ançelotti özü isə karyerasının sonuna kimi İspaniya paytaxtında qalmaq istədiyini bildirib.