Fransada baş verən son hadisələr Neymarın qərarını qətiləşdirməsinə səbəb olub. Brazilyalı hücumçu yayda komandanı tərk edəcək.
Sportarena.az xəbər verir ki, PSJ rəhbərliyi Neymarın yüksək maaşa layiq oynamadığını düşünür, onunla yolları ayırmağa çalışırdı. Futbolçunun tez-tez zədələnib uzun müddətə sıradan çıxması narazılığın əsas səbəbi idi. Son vaxtlar yayda futbolçunun satılacağı ilə bağlı xəbərlər aktuallıq qazanmışdı, braziliyalı isə getmək istəmirdi.
Lakin Lionel Messinin cəzalandırılması, azarkeşlərin onun əleyhinə şüarlar səsləndirməsi, üstəlik, Neymarın evinə hücumu futbolçunun xoşuna gəlməyib. O, mövsüm bitən kimi özünə yeni iş yeri tapmaq niyyətindədir. Klub da hücumçudan qurtulmaq üçün onun müştərilərinə güzəşt edəcək. Hətta “L’Equipe”in yazdığına görə, futbolçunun icarəyə göndərilməsi də mümkündür.
Xatırladaq ki, Neymar 2017-ci ildə “Barselona”nı Paris klubuna dəyişmişdi. 31 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.