“Sabah”ın məşqçisi Artur Olenin Premyer Liqanın 33-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün hər iki komanda yaxşı oyun nümayiş etdirdi. “Kəpəz” yaxşı komandadır. Amma biz onlara imkan vermədik ki, müsbət nəticə əldə etsinlər. Futbolçuların oyununa “əhsən” deyirik. Onlardan məmnunuq. İkinci yeri təmin etməyimizə baxmayaraq, yaxşı motivasiya ilə oynadılar. Düzdür, bir ara oyun üstünlüyünü əldən vermişdik. Amma dəyişikliklər etdikdən sonra üstünlük bizim tərəfimizə keçdi. Meydana daxil olan futbolçular yaxşı çıxış etdilər. Bu gün qapıda Nicat Mehbalıyevə şans verdik. İmkan olduqca bütün oyunçulara şans veririk. Onun oyunundan məmnunuq. Çox inamlı çıxış etdi. Matç ərzində 2-3 seyvi oldu.
Qarşıda “Beşiktaş”la xeyriyyə matçı var. Bizi “Beşiktaş”ın özü motivasiya edir. Çempionat sona yaxınlaşır. Çalışacağıq ki, bu matçda ən yaxşısını edək”.