Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə qardaş Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı keçiriləcək.
Sportarena.az xəbər verir ki, oyun "Qalatasaray" Futbol Klubunun UEFA kubokunu qazanmasından düz 23 il sonra - mayın 17-si İstanbulda, Florya Metin Oktay təsislərində baş tutacaq.
Qardaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularından qurulmuş komanda Azərbaycan idman jurnalistlərinin milli yığması ilə üz-üzə gələcək.
AİJA-nın bu təşəbbüsü "Qalatasaray" İdman Klubu tərəfindən müsbət qarşılanıb. Bu gün klubdan AİJA-ya göndərilən məktubda türk dünyasının əbədi lideri Heydər Əliyevin 100 illiyi və "Qalatasaray"ın UEFA kubokunu qazanmasının 23 illiyi münasibətilə keçiriləcək qardaşlıq görüşünün məhz mayın 17-si baş tutacağı bildirilib.