Messinin ərəblərlə danışığında yeni detallar: Özüylə 2 futbolçu da aparacaq

22:21 7 May 2023

PSJ-nin hücumçusu Lionel Messi və “Barselona”nın futbolçuları – Serxio Buskestlə Jordi Alba karyeralarını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Sportarena.az “Diario Sport”-a istinadən xəbər verir ki, üç ay əvvəl argentinalı hücumçu Səudiyyə Ərəbistanına köçməyin qəti əleyhinə olub. Lakin hazırda hadisələrin fərqli inkişafı Messinin fikirlərinə təsir edib.

 

Messi dünya futbolunda bütün kubokları qazanıb və o, artıq özünü təzyiqlərə məruz qalacaq, yeni qələbələr tələb olunacaq vəziyyətə salmaq istəmir. İndi o, daha çox gələcək haqqında düşünür və sakit həyata üstünlük verir.

 

Messi “Barsa”ya keçməyi düşünüb, amma klubun maddi vəziyyətinin pis olması səbəbindən bu, reallaşa bilməyəcək. Məlumatda bildirilir ki, bu, “reallıqdan uzaq bir yuxudur”.

 

Messi “Barsa”dan ayrılmaq məcburiyyətində qaldığı zaman yaşadığı stressi yenidən yaşamaq istəmir. Hazırda klub Leonun qaytarılması ilə bağlı heç bir addım atmayıb və “Barselona”nın prezidenti Xuan Laporta bu mövzuda hücumçu ilə heç vaxt əlaqə saxlamayıb.

 

Məlumatda qeyd olunur ki, Messi Səudiyyə Ərəbistanına tək yox, Buskets və Alba ilə birlikdə gedəcək. O, yeni mühitində güvəndiyi insanların əhatəsində olmaq istəyir.

 

Ölkənin turizm səfiri kimi bu yaxınlarda Səudiyyə Ərəbistanında səfərdə olan Messiyə onun, Buskets və Albanın yaşaya biləcəyi evlər, uşaqlarının gedə biləcəyi məktəblər göstərilib.

 

Buskets və Alba bu plandan xəbərdardırlar, onlar artıq keçidə razılıq veriblər. Onlar Səudiyyə Ərəbistanında bir mövsümdə “Barsa”da qazandıqlarından üç dəfə çox qazanacaqlar.

 

Hazırda Messi, Alba və Busketsin Səudiyyə Ərəbistanı klublarından biri ilə “1+2” şərti ilə müqavilə bağlaması barədə müzakirələr gedir.


Digər xəbərlər

Xəbər xətti