Ayxan Abbasov: “Futbolçularımızda “Neftçi”ni udmaq istəyi çox idi”

18:35 7 May 2023

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gözəl qələbə alındı. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Qələbəni komandanın dar günündə arxasında dayanan azarkeşlərə hədiyyə edirik. Vacib qələbə idi. “Neftçi”yə qalib gəlmək xoşdur. Yolumuza davam edirik. Evdə qalib gəlməyimiz daha vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışdılar. Həm oyun, həm də nəticə bizi qane etdi.

“Neftçi” kubok matçındakı kimi oynamadı. Bəlkə də, biz finala vəsiqə qazansaydıq, oyunlarımız ağır keçərdi. Futbolçularımda “Neftçi”ni udmaq istəyi daha çox idi. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirdik. Bu iki komandanın oyunları həmişə maraqlı və gərgin keçib. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, mövsümün əvvəlində istədiyimiz oyun idi. Sadəcə, vaxt lazım gəlirdi. Kubokun stressi bizə təsir etdi. Futbolçularım indi daha rahatdır.

Runi Eva həqiqətən çox artırıb. Hücumçuların çempionatımıza uyğunlaşması çətindir. Amma Runi də öz komandasını tapıb. Qol vurması bizi sevindirir. Səhv etmirəmsə, 5-6-cı turda, “Qarabağ”la oyundan sonra mənə sual vermişdilər ki “Runini nəyə gətirmisiz?”. Onda 4-5 qolu var idi. Bu sual mənə qəribə gəlmişdi. Runinin bu gün 15 qolu var. Təbii ki, təklifləri olacaq. O da peşəkardır, qərar verməlidir. Biz də istəyirik onu. İnkişaf istəyiriksə, heyət qorunmalıdır, rəqabət üçün yeniləri də gəlməlidir. Runinin müqaviləsi başa çatır. Hər şeyi zaman göstərəcək. Roderik Millerin gəlməsindən sonra standartlar üstünlüyümüzə çevrilib. Ötən turda da standart vəziyyətlərdən qollar vurduq. Bu, bizi sevindirir. Rəqiblər də bizə qarşı daha ehtiyatlı hazırlaşacaq”.


Digər xəbərlər

Xəbər xətti