"Yuventus" maliyyə saxtakarlığına görə 9 xaldan məhrum ola bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb. “Yuventus”un apellyasiya şikayətini təmin edən İtaliya Milli Olimpiya Komitəsinin zəmanət şurası onun motivlərini izah edən sənədləri dərc edib. Buradan belə çıxır ki, federasiya yeni sübutların əldə edilməsi nəticəsində işi yenidən açmaq hüququna malikdir. Həmçinin qeyd edilir ki, ilkin ittiham əsaslı olaraq qalır və mübahisələndirilmir.
Ehtimal olunur ki, “Yuventus” yenə də cəzalandırılacaq, lakin komandanın aktivindən prokurorun əvvəlcə tələb etdiyi kimi 15 deyil, 9 xal silinəcək.
Klub bu qərar qəbul edilərsə, apellyasiya şikayəti verəcək. Proses o qədər uzana bilər ki, cəza bu mövsümə deyil, növbəti mövsümə şamil olunacaq.
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının məhkəməsi yanvarda maliyyə fırıldaqlarına görə "Yuventus"u İtaliya çempionatında 15 xaldan məhrum etmişdi. Bundan sonra komanda turnir cədvəlinin onuncu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümünü buraxmaq riski ilə üzləşib. "Yuventus"un apellyasiya şikayətindən sonra həmin 15 xal bərpa olunmuşdu.