Tunisdə keçiriləcək ağırlıqqaldırma üzrə Afrika çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ölkənin eyniadlı şəhərində baş tutacaq yarışda 3 idmançı mübarizə aparacaq.
Qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq) və Ömər Cavadov (73 kq) 33-cü Afrika çempionatında körpücük üzərinə çıxacaqlar.
Yarış 11-18 may tarixlərində təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında ermənilərin təxribatı nəticəsində millinin yarışda iştirak edə bilməməsidir. Tunisdəki turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.