Türkiyə "Beşiktaş"ının futbolçusu Raşid Gezzal Bakıda "Sabah"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.
Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.
Təcrübəli oyunçu ən yaxşı halda mayın 21-də səfərdə "Adana Demirspor"la keçiriləcək Superliqanın XXXV tur matçında meydana çıxa bilər.
Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Sabah" - "Beşiktaş" görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.