Edin Dzeko Luka Modriçə çatdı. Bosniya və Herseqovina millisinin hücumçusu dünən vurduğu qolla xorvat yarımmüdafiəçiyə şərik oldu.
Sportarena.az xəbər verir ki, dünən “Milan”la “İnter” arasında baş tutan Çempionlar Liqasının ilk yarımfinal oyununun 8-ci dəqiqəsində hesabı açan hücumçu 37 yaş 54 günlüyündə bunu bacardı. O, bununla qitənin ən nüfuzlu turnirində qol vuran ən yaşlı futbolçu ünvanına sahib oldu. Lakin təkbaşına yox, çünki eyni yaşda və gündə Luka Modriç də fərqlənib. İndi Edin “Real”ın yarımmüdafiəçisi ilə şərikdir.
Təcrübəli oyunçuların mütləq rekordçu olmaq üçün hələ şansı var. Onların komandaları həm yarımfinalda cavab matçında çıxacaq, həm də final oynamaq imkanına malikdirlər. Hətta bu mövsüm olmasa da, karyerasını bitirməyə tələsməyən cütlüyün irəlidə belə bir fürsəti olacaq.