İraq millisi Rusiya ilə yoldaşlıq görüşündən imtina edib.
Sportarena.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandanın sentyabrda Rusiya millisi ilə yoxlama oyunu keçirməyəcəyi qeyd edilib. Federasiya matçın keçirilməsi imkanını araşdırıb və sonda bundan imtina edib. Rusiya ilə İraq arasında oyunun sentyabrın 7-də keçirilməsi planlaşdırılmışdı.
İraqlılar dörd komandadan ibarət yoldaşlıq turnirində iştirakı üstün tutublar. Burada İraq, İordaniya, Qətər və İranın yığmaları olacaq.
Qeyd edək ki, Rusiya ilə İraq arasında bu ilin mart ayında yoldaşlıq matçı keçirilib. Oyun Rusiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yalnız yoxlama görüşləri keçirir.