“Kristal Pelas” Vilfred Zahanı heyətdə saxlamaq istəyir. Bu səbəbdən ona təklif etdiyi yeni müqaviləyə “əl gəzdirib”.
Sportarena.az xəbər verir ki, yayda müqaviləsi bitəcək afrikalıya indiyədək yeni anlaşma təklif edilməmişdi. Ona görə də futbolçu özünə yeni komanda axtarışına başlamışdı. Ərəb ölkələrindən gələn cəlbedici təklifi geri çevirən cinah hücumçusu İngiltərədə qalmaq istəyirdi. Bir neçə Premyer Liqa təmsilçisi ilə danışıqlar başlayıb.
Lakin “Kristal Pelas” yeni məşqçinin gəlişindən sonra futbolçuya münasibət dəyişib. Roy Hocson azad agentə çevriləcək Fil Dişi Sahili millisinin üzvünü komandanın açar oyunçusu saydığını bildirib. Bu səbəbdən Zahaya həftəlik 200 min funt-sterlinqlik təklif edilib. Bu, klub rekordudur.
“The Athletic”in yazdığına görə, indiyədək həftəyə 130 min funt-sterlinq maaş alan futbolçu düşünmək üçün vaxt istəyib. O, yetirməsi olduğu, vaxtilə müxtəlif komandalara icarəyə verilməsinə baxmayaraq hər dəfə geri qayıtdığı kluba yekun cavabı mövsüm bitənədək verəcək.