"Barselona" futbolçuların ödənişlərində qaydaları pozduğuna görə 15.7 milyon avro cərimələnməsi ilə bağlı yayılan xəbəri təkziib edib.
Sportarena.az xəbər verir ki, Kataloniya klubu bununla bağlı rəsmi saytı vasitəsilə açıqlama yayıb. Açıqlamada qeyd olunub:
"Vergi idarəsi "El Confidencial"ın məqaləsində təsvir etdiyi ehtimal edilən pozuntuların heç biri ilə bağlı sanksiyalar tətbiq etməyib. Bununla əlaqədar olaraq bildiririk ki, 2023-cü ilin aprel ayında Mərkəzi İnzibati Maliyyə Məhkəməsi klubun vəkillərinin verdiyi şikayəti qəbul edərək, gəlir vergisi və qeyri-rezident gəlir vergisi ilə bağlı cərimələri ləğv edib. Ümid edirik ki, əlavə dəyər vergisi ilə bağlı, həmçinin oyunçuların agentlərinə ödənişlər üzrə vergi məsələsi ilə bağlı cərimələr də tezliklə ləğv ediləcək. Klub qeyd olunan məlumatların düzəldilməsini tələb edir".
Xatırladaq ki, İspaniyanın "El Confidencial" nəşri "Audi" avtomobillərinin komanda üzvlərinə verilməsi, oyunçulara çarter reyslərinin ödənilməsi barədə məlumatların verilməməsi, Arda Turan (1 milyon 312 min500 avro) və Aleksandr Sonqun klubdan ayrıldıdan sonra(3 milyon 5 min avro) aldıqları təzminatın düzgün uçota alınmamasıma görə "Barselona"nın vergi idarəsi tərəfindən 15.7 milyon avro cərimələndiyini yazıb.