Tərlan Əhmədov: “Mövsümün sonunda “Kəpəz”dən gedəcəyəm”

21:52 12 May 2023

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Zirə” ilə oyunundan sonra (1:1) danışıb.

 

Sportarena.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Maraqlı oyun oldu. Sürətli oyun gördük. Qalib də gələ bilərdik, uduza da. Komandam daha istəkli idi. Bir xal bizim üçün çox vacib idi. Zirədə oynamaq bizim üçün çətindir. Futbolçularıma təşəkkür edirəm. Mənim üçün gözəl oyun oldu. Rəqib ilk hissədə təzyiq göstərdi. Nizam-intizamlı oynadıq. Gələn azarkeşlər üçün də maraqlı oyun oldu. Onların sevincinə az da təsir edə bildiksə, bu, bizim üçün çox xoşdur.

Bu gün hər iki komanda həm xal itirdi, həm də xal qazandı. Nəticə oyuna görə belə də olmalı idi. Biz heç bir futbolçunu silmirik. Qarşıda iki turumuz var, hər şey ola bilər. Çempionatda qalıb-qalmadığımızı tam demək olmaz.

Bəli, mən ilk növbədə komandanın baş məşqçisi təyin olunanda məqsədim klubu Premyer Liqada saxlamaq idi. Qış fasiləsindən sonra isə demişdim ki, mən gedəcəm. Sizə kim deyib ki, mən getməyəcəyəm? Hər halda, gizli proseslər də var. Mən sözümün arxasındayam. Yəni, demişdim ki, gedəcəyəm.

Gəlin, belə danışaq: bütün heyəti dəyişə bilmərəm. Birinci çempionatda qalmaq, ikinci klubun adını daha da yüksəklərə qaldırmaqdır. Qalan iki turda komandanın adını, imicini saxlamaq istəyirəm. Ehtiyatda olan futbolçulara da şans verəcəyəm. Çox çətinliklərimiz var.

Futbolun gözəlliyi tək oyunda deyil. Meydançada olan davalar, münaqişələr, fanatla futbolçular arasında münasibətlər və s. Mən də azarkeşlərlə mübahisə edə bilərəm. Bu, normaldır. Görünən tərəflər də var, görünməyən tərəflər də. Hansı gərginlikdə olmağımızı bir biz bilirik, bir də bizləri xəlq edən.

Bir dəfə bu barədə danışmışdım: millidə çalışmaq hamı üçün böyük şərəf olar. Buradan getdikdən sonra təkliflərin gəlib-gəlməyəcəyi bilinmir. Millidən təklif gələrsə, həmin yükün altına girməyə hazır olaram”.


Digər xəbərlər

Xəbər xətti