Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutub.
Günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
Günün son oyununda "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub. Qonaqlar rəqibini 0:3 hesabı ilə məğlub edib.
Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub. Beləliklə, “köhlən atlar” tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.
Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.
Azərbaycan Premyer Liqası
34-cü tur
13 may (şənbə)
18:00. "Qəbələ" 1:2 "Turan Tovuz" (yekun)
Qol:1 Rafael Utsiq, 66 - Sadiq Quliyev, 54, Siyanda Xulu, 90+4
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu.
20:30. "Səbail" 0:3 "Qarabağ" (yekun)
Qol: Bəhlul Mustafazadə, 71. Ramil Şeydayev, 77-pen; 86.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: İlham Əliyev
"ASCO Arena".
Qeyd edək ki, XXXIV turun açılış oyununda "Zirə" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.