“Qarabağ”ı layiqli çempionluq münasibətilə təbrik edirəm və Çempionlar Liqasında onlara uğurlar arzu edirəm”.
Sportarena.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının XXXIV turunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
57 yaşlı mütəxəssis buraxdıqları birinci qolu həlledici hesab edir:
“Komandamız bacardığı qədər mübarizə apardı. İlk qolu vuran qələbə qazanacaqdı. Böyük danışmaq olmasın, ilk hissədə iki qol imkanından yararlana bilmədik. 71-ci dəqiqədə standart vəziyyətdən qol buraxdıqdan sonra komanda “sındı”. Belə rəqibə qarşı geridönüş etmək çox çətindir. Səviyyə, oyunçuların keyfiyyəti, beynəlxalq təcrübəsi öz sözünü dedi. Standart vəziyyətdən buraxdığımız iki qol yerinə düşmədi. Məncə, hesab oyuna görə deyildi. Sadəcə, səviyyə, futbolçuların individual hazırlığı və keyfiyyəti özünü əks etdirdi”.
Baş məşqçi son iki turda maksimum nəticə qazanmağı hədəflədiklərini deyib:
“Hər iki oyuna maksimum nəticə üçün çıxacağıq. Hər şey öz əlimizdədir. Ruhdan düşmək lazım deyil. Futbolçularım “Qarabağ”a qarşı layiqli mübarizə apardılar, 70 dəqiqə oyun baxımdan rəqibə uduzmadılar. Buraxılan ilk qol psixoloji cəhətdən təsir etdi”.
Diniyev növbəti turda “Turan Tovuz”u səfərdə məğlub edərək, Premyer Liqadakı yerlərini təmin etmək istədiklərini vurğulayıb:
“Taleyimizi son tura saxlamamağa çalışacağıq. Son tur artıq lotereyadır. Ona görə də növbəti turda Tovuzda uğurlu nəticə qazanmaq istəyirik. Komandamın sərgilədiyi oyun məni bu cür düşünməyə vadar edir. Çalışacağıq ki, son tura saxlamayaq. Saxlasaq belə, komanda var gücü ilə oynayacaq. İlk gündən demişəm ki, komandamız Premyer Liqanı tərk etməyə layiq deyil”.