“Nəyi bacardığımızı yaxın bir neçə gün ərzində daha yaxşı anlayacağıq. Final bizim üçün xəyal idi, amma həmişə buna inanırdıq. Biz inanılmaz bir yol keçmişik. Derbidə qalib gələrək yarımfinala çıxmaq əladır”. Bu sözləri “İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalında “Milan”a 1:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Sportarena.az xəbər verir ki, ilk matçda da 2:0 hesabıyla üstün olan komandanın baş məşqçisi daha da irəli getmək istəyir:
“Bu yarımfinalda hər şey xoşuma gəldi: qaçış, aqressiya, konsentrasiya. Yanvar ayından bu gecəyə kimi dörd derbi keçirdik və dördündə də qalib gəldik. “Milan” İtaliya çempionudur, onların çox keyfiyyətli komandası var, amma futbolçularımız əla oynadılar”.
Mütəxəssisin sözlərinə görə, rəhbərlik ondan ÇL-də 1/8 finala yüksəlməyi tələb edirmiş:
“Amma hazırda finaldayıq. Kimsə bizi bu mərhələyə gətirməyib. Həmiə güclü rəqiblərlə oynadıq və layiqliq qələbələrlə bu mərhələyə çatdıq”.
İnzaqi ÇL-in finalındakı mümkün rəqibləri haqda da danışıb:
“Real” və “Mançester Siti” Avropanın ən yaxşı komandalarıdır. İlk oyun bərabər səviyyədə idi. Cavab görüşünü həyəcanla izləyəcəyik. Rəqib kim olursa olsun, finalda tam hazır “İnter” görəcəklər”.