Futbol üzrə Azərbaycan çempionu olan məşqçilərin siyahısı müəyyənləşib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvələ liderlik edir.
Sportarena.az xəbər verir ki, “Qarabağ”ın 2022/2023 mövsümündə qızıl medalları təmin etməsi 51 yaşlı mütəxəssisin öz rekordunu yeniləməsinə səbəb olub. Qurbanov Ağdam klubunun sükanı arxasında 9-cu dəfə qızıl medallara yiyələnib (Report).
Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Qurbanov bütün titulları “Qarabağ”la əldə edibsə, Mircavadov 4 fərqli komanda ilə çempionluq sevinci yaşayıb. İlk “üçlüy”ü Kazbek Tuayev qapayır. Onun aktivində 4 çempionluq var.
Azərbaycan çempionatları tarixində cəmi 3 əcnəbi mütəxəssis qızıl medalı boynundan asa bilib. Ukraynalı Valentin Xodukin və gürcüstanlı Kaxaber Sxadadze “İnter”i, şimali makedoniyalı Qyoko Hacıyevski isə “Bakı”nı bir dəfə çempion edib.
Ümumilikdə 31-ci milli çempionat başa çatmaq üzrədir. Yalnız 2001/2002 mövsümündə Qəhrəman Əliyevin rəhbərlik etdiyi “Şəmkir” çempionata liderlik etdiyi bir vaxtda klublar AFFA-ya etiraz əlaməti olaraq yarışı dayandırıblar.
Çempion baş məşqçilər:
1. Qurban Qurbanov – 9 dəfə (“Qarabağ” – 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023)
2. Ağasəlim Mircavadov – 5 (“Qarabağ” – 1993, “Şəmkir” – 1999/2000, 2000/2001, “Neftçi” – 2004/2005, “Xəzər Lənkəran” – 2006/2007)
3. Kazbek Tuayev – 4 (“Turan” – 1993/1994, “Neftçi” – 1995/1996, 1996/1997, 2003/2004)
4-5. Mehman Allahverdiyev – 3 (“Kəpəz” – 1994/1995, 1997/1998, 1998/1999)
Böyükağa Hacıyev – 3 (“Bakı” – 2005/2006, “Neftçi” – 2011/2012, 2012/2013)
6-11. Əhməd Ələsgərov – 1 (“Neftçi” – 1992)
Valentin Xodukin – 1 (“İnter” – 2007/2008)
Qyoko Hacıyevski – 1 (“Bakı” – 2008/2009)
Kaxaber Sxadadze – 1 (“İnter” – 2009/2010)
Arif Əsədov – 1 (“Neftçi” – 2010/2011)
Samir Abasov – 1 (“Neftçi” – 2020/2021)