Vinisius təhqir edildi və… qovuldu

12:20 22 May 2023

La Liqada dünən baş tutan “Valenssiya” – “Real” oyununda qalmaqal baş verib. Madridlilərin futbolçusu azarkeşlərin irqçi şüarlarına tuş gəlib.

 

Sportarena.az xəbər verir ki, əsəblərinə hakim ola bilməyən və oyuna əlavə olunan dəqiqələrdə meydandan qovulan braziliyalı bununla bağlı paylaşım edb:

“İrqçilərin qazandığı mükafat mənim qovulmağım oldu. Bu, futbol deyil, bu La Liqadır”.

 

“Real”ın baş məşqçisi Karlo Ançelotti mətbuat konfransında bu hərəkəti qınayıb. O, futboldan yox, olaylardan danışmağın vacib olduğunu bildirib.

 

İngiltərə millisinin sabiq üzvü Rio Ferdinand da Vinisiusa dəstək olub:

“La Liqa, bu gənc adamın bu zibilə məruz qalmasını daha nə qədər görməliyik?! İspaniyada Vinisiusu kim müdafiə edir?! O, rəqibi tərəfindən boğulur, irqçiliyə məruz qalır və sonra özü qırmızı vərəqə alır. Daha neçə dəfə bu gəncin bunlara məruz qalmasını görməliyik?! Əzab görürəm, ikrah görürəm. Onun köməyə ehtiyacı olduğunu görürəm. Liqa rəsmiləri də ona kömək etmək üçün heç nə etmirlər. İnsanlar birlik olmalıdır və oyunumuzu bərbad edən rəsmilərdən daha çoxunu tələb etməlidir! Heç kim bunlara layiq deyil və heç kimə bunları etmək ixtiyarı verilmir! Buna vahid yanaşma lazımdır, əks halda yenidən xalçanın altına süpürüləcək. Hər kəs yüksək səslə və qürurla birlikdə dayansın! İrqçiləri rədd edək!”

 

“Valensiya”nın bu olaylara görə ciddi cəzalanacağı, oyunlara azarkeşlərin buraxılması ilə bağlı məhdudiyyətə məruz qalacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti