Braziliya Prezidenti Luis İnasio Lula da Silva FIFA-nı irqçiliklə mübarizə üçün ciddi addımlar atmağa çağırıb.
Sportarena.az xəbər verir ki, ölkə başçısı bu barədə Yaponiyanın Hirosima şəhərində keçirilən "Böyük Yeddiliy"in (G7) sammitinin mətbuat konfransından əvvəl bildirib.
O, İspaniya La Liqasının XXXV turunda "Valensiya" ilə matçda təhqirlərə məruz qalan "Real Madrid"in braziliyalı futbolçusu Vinisius Juniora dəstək olduğunu söyləyib:
"Bizim dövrümüzdə Avropanın stadionlarında irqçi təəssübkeşliyin vüsət alması yolverilməzdir. Uğur qazanan və dünyanın ən yaxşılarından hesab edilən futbolçunun hücum hədəfinə çevrilməsi düzgün deyil. Mən FIFA, La Liqa və digər qurumların ciddi tədbirlər görməsini vacib hesab edirəm. Çünki stadionlarda faşizm və irqçiliyin təzahürlərinə yol verə bilmərik".
Qeyd edək ki, qarşılaşma "Valensiya"nın 1:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin azarkeşləri qarşılaşma ərzində Vinisius Juniora qarşı irqçi ifadələr işlədiblər. O, görüşün sonlarında rəqib oyunçularla insidentdə iştirak etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.