“Zirə” Azərbaycan Premyer Liqasının 35-ci turunda “Sabah”la qolsuz heç-heçəyə razılaşıb “Qəbələ”yə çatmaq fürsətini əldən verdi. Komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, çalışdırıcı qələbə qazanmadıqları üçün təəssüfləndiyini bildirib:
“Gərgin oyub oldu. Qələbəyə yaxın idik. Son dəqiqələrdə böyük qüvvə ilə irəli atılmışdıq. Qol imkanlarından istifadə edə bilmədik. Qələbə qazanmasaq da, futbolçuların çıxışından razı qaldım. Yaxşı komandaya qarşı oynadıq”.
Sadıqov hələ də şansların qaldığını deyib:
“Son tura qədər şansımız qalır. Son oyunda qələbə qazanıb, “Qəbələ”nin uduzmağını gözləyəcəyik. Favorit “Qəbələ”dir. Mövsümün əvvəlindən hədəfimiz 4-cülük idi. Kim bu yeri tutsa, layiq olacaq”.
Rəşad bəy yeni mövsümün planları ilə bağlı da danışıb:
“Büdcə məsələsi böyük rol oynayır. Bu haqda rəhbərliklə danışmamışıq. Mövsüm bitəndən sonra müzakirələr olacaq. Transferlərdən istəyimiz kimi istifadə edə bilmədik. Bircə Eldar Quliyev yaxşı oldu. Digərləri tez-tez zədələndi və onların potensialından istifadə etmək imkanımız olmadı. Mövsüm bitəndən sonra təhlillər aparıb, dəyərləndirmələrimiz olacaq”.