Şahin Diniyev: “Hesab oyuna görə oldu”

20:24 22 May 2023

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 35-ci turunda qarşılaşdıqları “Turan Tovuz”la oyunu (2:2) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qarşılıqlı hücumlar şəraitində keçən gərgin qarşılaşma izlədik. Tək qolların deyil, qol epizodlarının da sayı kifayət qədər çox idi. Hər iki komanda meydanı 3 xalla tərk edə bilərdi. Standart vəziyyətləri çıxmaq şərti ilə komandam 2 hissə dominant futbol oynadı. Topa nəzarət bizim tərəfimizdə idi. Hücumlar zamanı cinah müdafiəçiləri də irəli atılırdı. Lakin problem o idi ki, bu gün hücumçusuz, iki “10 nömrə” ilə oynayırdıq. Hesabda 2 top fərqi ilə geri düşsək də, komanda xarakter göstərdi, geridönüş edə bildik. “Turan Tovuz” son vaxtlar əla çıxış edir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qapımızda erkən qol gördük. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün xətalı oldu. Soyuqqanlılıq çatışmadı, qapıçı və müdafiəçilər düzgün oynamadılar. Lakin ruhdan düşmədik. Məncə, hesab oyuna görədir. Hər iki komanda bu gün qalib də gələ bilərdi, uduza da.

Ədilxan Qaraxanov, Nihat Qurbanov kimi futbolçulara demək olar ki, şans verə bilmirəm. Bu, turnir cədvəlində tutduğumuz yerə görədir. Mövqeyimiz komandaya stress yaşadır və bizə də heyətdə rotasiya etməyə imkan vermir. İndiki məqamda əsasən təcrübəlilərə güvənirik ki, nəticə qazanaq. Bu təzyiqlər altında gəncləri çox qabağa çəkə bilmirəm. Təbii ki, vəziyyətimiz başqa cür olsaydı, gənclərə də şans verərdim.

Heç vaxt qərar verməyə tələsmək lazım deyil. İnsan gərək dediyi sözün arxasında dura. Uşaq deyilik. Mən də “heç vaxt heç vaxt demə” psinsipi ilə işləyən insanam. Sabah nə olacağını bilmirəm. Təbii ki, ilk növbədə məqsəd Premyer Liqada qalmaqdır. Yox, bu baş verməsə, hansı addım atacağımı bilmirəm. Hələ bu barədə düşünməmişəm.

“Şamaxı” – “Qəbələ” oyununun heç-heçə bitməsi barədə xəbər gəldi. Bundan sonra risk etmədik. Əgər “Şamaxı” qalib gəlsəydi, son dəqiqələrdə risk edib, üçüncü qolu vurmağa çalışacaqdıq. Amma həmin görüş qolsuz bitdiyindən sonda heç-heçəni qorumağa çalışdıq. Hətta qol vurmaq üçün irəli atılan mərkəzi müdafiəçilərini də geri çağırdım. İndiki halda hər komandanın heç-heçə etməsi bizə nisbətən sərf edir. Bu halda son turda “Şamaxı” ilə görüşdə bizə 1 xal da bəs edəcək”.

 

Diniyev qeyd edib ki, 17 tur ərzində VAR-da komandasının lehinə qərar qəbul edilməyib:

“17 turda bəlkə 12-14 dəfə bizim oyunlarda VAR-a baxılıb və heç bir halda bizim lehimizə olan yekun qərar qəbul edilməyib. Ona görə də bugünkü matçda hakim VAR-a gedəndə heç epizoda baxmadım. Bilirdim ki, bizim xeyrimizə olacaq qərar qəbul olunmayacaq. Sanki VAR bizim üçün lənətlənib. Burda söhbət qərarın səhv, ya düz olmasından getmir. Əleyhimizə olan səhv qərarlar çoxdur. Bununla bağlı xeyli epizod var”.


Digər xəbərlər

Xəbər xətti