Rumıniya çempionatında sona bir tur qalmış tarixi ərzində ikinci çempionluğunu təmin edən “Farul” növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Rumın futbolunun və “Qalatasaray”ın əfsanələrindən olan George Hacinin baş məşqçisi olduğu Konstanta təmsilçisi püşkatma zamanı səpələnməmişlərdə yer alacaq.
Sportarena.az saytı xəbər verir ki, komandanın Azərbaycan çempionu “Qarabağ”a potensial rəqiblərdən olması rumınların canına qorxu salıb. Yerli KİV Ağdam təmsilçisini arzuolunmaz rəqib kimi təqdim edib.
Rumıniya mətbuatı hesab edir ki, “Qarabağ”la yanaşı, “Ferensvaroş”, “Slovan”, “Şerif”, “Astana” və Hayfa “Makkabi”si Hacinin rəqib olmaq istəmədiyi komandalardır:
“Çünki bu klubların kifayət qədər böyük avrokubok təcrübəsi var. Turnirdə daha irəli getməyə ümid etmək üçün belə nəhənglərdən yan keçmək vacibdir”.
Qeyd edək ki, “Farul” ilk dəfə 2016-17 mövsümündə “Vitorul” adı altında qızıl medalları qazanıb.