Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2022/2023 mövsümündə ən çox baş məşqçi dəyişikliyi olan futbol liqalarını açıqlayıb.
Sportarena.az xəbər verir ki, 60 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 50-ci pillədə qərarlaşıb.
Yarışda bu vaxtadək 4 belə hal yaşandığı göstərilib.
Mövsümə Yaşar Vahabzadə ilə start verən "Kəpəz" avqustun sonlarında 63 yaşlı mütəxəssisi istefaya göndərib. V turda komandanı Xaliq Mərdanov "Qarabağ"la (0:1) oyuna çıxarıb. Sentyabrın 4-də isə Tərlan Əhmədov ictimaiyyətə təqdim edilib.
Digər dəyişikliklər "Səbail" və "Sumqayıt"da gerçəkləşib. "Dənizçilər"də Mahmud Qurbanovu Şahin Diniyev, "gənclik şəhəri" təmsilçisində belaruslu Aleksey Baqanı Samir Abasov əvəzləyib.
CİES-in araşdırmasına görə, ən çox dəyişiklik Bosniya və Herseqovina çempionatında baş verib. 12 komandanın yer aldığı turnirdə 11 belə hal yaşanıb. Şimali Makedoniyada (11 komanda) 10, Serbiya Super Liqasında (16 komanda) 14 dəyişiklik qeydə alınıb.
Türkiyə Super Liqası (19 komanda) siyahıda 22-ci yerdədir. Qonşu ölkədə 12 mütəxəssislə yola davam edilməyib.
Rusiya Premyer Liqası (16 komanda, 12 dəyişiklik) 25-ci, Ermənistan çempionatı (10 komanda, 5 dəyişiklik) 34-cü, Ukrayna Premyer Liqası isə (16 komanda, 7 dəyişiklik) 47-ci sıradadır.