“Qəbələ”nin 8-ci Avropa sınağı

19:44 27 May 2023

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXXVI - sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub.

 

Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər. Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub.

 

“Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

“Qırmızı-qaralar” buna qədər 6 dəfə Avropa Liqasında (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020), 1 dəfə isə Konfrans Liqasında (2022/2023) yer alıb.

 

Qeyd edək ki, bu gün “Səbail”lə “Şamaxı” elitada qalmaq uğrunda matçda üz-üzə gələcəklər. Mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” qarşılaşmaları ilə Premyer Liqada 2022/2023 mövsümünə yekun vurulacaq.


Xəbər xətti