Rəşad Sadıqov: “Bu mövsüm mənim üçün böyük dərs oldu”

21:15 27 May 2023

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mövsümü başa vurduq. Əlimizdən gələni etdik ki, qələbə qazanaq və şansımızı sona qədər saxlayaq. Elə də oldu. “Qəbələ” öz meydanında xal itirsə də, bu, bizə yetmədi. Eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq. Buraxdığımız uşaq səhvlərinin həlledici olduğu göründü. Sona qədər mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik.

Heyətdə dəyişikliklər gözlənilir. Rəhbərliklə də görüşümüz olacaq, növbəti mövsüm üçün hədəflərimiz və planlarımızla bağlı danışacağıq. Həmin görüşdən sonra çox şeyə aydınlıq gələcək. Keçən il də dəyişikliyə ehtiyacımız var idi. Ancaq edə bilmədik.

Hamidu Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. Bu komandanın maraq dairəsində olan futbolçu idi. Cəzalı idi deyə, bugünkü oyunda oynamırdı. Biz də ona “Qarabağ”la danışıq aparmasına icazə verdik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keyta üçün uğurlu keçid olar.

Rəhim Sadıqov bu gün yaxşı çıxış etdi. Bir çox oyunlarda da uğurlu çıxış edib. Amma nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, birəbir epizodlardan yararlana bilmirdi. Ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi. Hücum xəttində məhsuldarlığımız az idi, müdafiədə etibarlı oyunumuz çatmırdı. Nəticədə beşinci yeri tutduq. Mövsümboyu forvard baxımından əziyyət çəkdik. Rəhim Sadıqovu hücumçu kimi oynayırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik.

Baş məşqçi olaraq mövsümü mənim üçün uğursuz saymaq olar. Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər. Bəlli idi ki, bu mövsüm üçüncülük uğrunda mübarizə aparmaq çətin olacaq. Amma əsas hədəf dördüncü yer idi. 51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım. Daha yaxşı və stabil çıxış etməliydik. Daha yaxşı yerlərdə olmaq istəyirik ki, güclənməliyik. Mövsüm başlamayıb, amma biz aparıcı oyunçularımızı itiririk. Mütləq şəkildə güclənməliyik. Bu mövsümü mənim üçün çox böyük təcrübə oldu. Hər şey seleksiyadan başlayır. Uğurlu seleksiya etmək lazımdır. Əgər mövsümün əvvəli müəyyən mövqelər üçün oyunçu tapa bilmirsənsə, maddi imkanlara görə futbolçunu gətirmək alınmırsa, önəmli mövqelərdə boşluqlar varsa, mövsümboyu əziyyətini çəkəcəksən. Bu mövsüm mənə göstərdi ki, məşqçi üçün önəmli olan mövsümün əvvəlində yığdığı heyətdir. Nəyisə tələb edə bilərsən, icra olunmursa, tələbin də mənası qalmır. Bu mövsüm Konfrans Liqasına vəsiqə qazanmaq istəyirdik. Nəticə çıxardıb, komandanı daha da gücləndirmək lazımdır”.


Digər xəbərlər

Xəbər xətti