Elmar Baxşıyev: "Neftçi" ilə oyunda tarix yaza bilərik"

20:10 2 İyun 2023

"Matçın əhəmiyyətini dərk edirik. Düşünürük ki, sabah tarix yaza bilərik".

 

Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

 

43 yaşlı mütəxəssis komandasına güvəndiyini bildirib: "Şanslar bərabərdir, finalda favorit olmur. Komandam məqsədə çatmağımız üçün hər şeyi edəcək".

 

Baş məşqçi finalın "Neftçi"nin meydanında keçirilməsinin görüşə təsir edəcəyinə inanmır:

"Bu stadion bizə yad deyil. Əsl futbol atmosferi üçün çox yaxşı arenadır. Çempionatda istədiyimiz yeri tutduq. Kuboku da qazanmağa iddialıyıq. Sabah fərqli "Qəbələ" görəcəyimizə inanıram".

 

Baxşıyev kapitan Asif Məmmədovla yeni müqavilə imzalayacaqlarını söyləyib:

"Asif komandanın kapitanıdır. Zədəli olsa da, daim bizimlədir. Komandada qalmasını istəyirik. Bu, bizim üçün çox vacibdir".

 

Təcrübəli mütəxəssis "Neftçi"nin büdcəsinin daha çox olmasının sabahkı matçda önəm daşımayacağını vurğulayıb:

"Çempionatda da bizə inanan az idi. Az büdcə ilə məqsədimizə çatdıq. Büdcə elə də önəm daşımır. Hansı komanda xarakter göstərəcəksə, məqsədinə çatacaq".

 

Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti