Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsinin qrup oyununda qarşılaşacaqları Azərbaycan millisindən çəkinir.
Sportarena.az xəbər verir ki, isveçrəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, Canni De Byazinin başçılıq etdiyi yığmanın güclü kollektiv olduğunu bildirib:
"Bu ay ilk oyunumuzu səfərdə güclü rəqib olan Azərbaycana qarşı keçirəcəyik. Bu komandanın üzvləri əsasən milli çempionatda çıxış edən oyunçulardır. Amma ölkənin ən yaxşı klubu olan "Qarabağ" avrokuboklarda əla mövsüm keçirdi və Azərbaycan millisinin tərkibi əsasən bu komandanın futbolçularından ibarətdir. Onların inanılmaz keyfiyyəti var. Amma biz istənilən vəziyyətə hazırıq".
Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.