İngiltərənin "Nyukasl" klubunun sahibi olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) ölkənin dörd TOP klubunu aldığını elan edib.
Sportarena.az xəbər verir ki, bu haqda məlumat qurumun rəsmi Tvitter hesabında yayılıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad", "Əl-Əhli", "Ən-Nəsr" və "Əl-Hilal" klubları fondun nəzarətinə keçib. Klublar ayrıca şirkətə çevrilib. Onların hər birində PIF-in payı 75 faiz təşkil edir.
"Dörd klubun alınması bir çox idman növləri üzrə investisiyalar, tərəfdaşlıq və sponsorluqlar da daxil olmaqla müxtəlif kommersiya imkanları açacaq", - deyə PIF-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyri-rəsmi xəbərlərə görə, Dövlət İnvestisiya Fondunun dəstəyi ilə alınacaq məşhur futbolçular məhz bu 4 klub arasında bölünəcək. Həmin futbolçular 2030-cu ildə Misir və Yunanıstanla dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının futbol səfiri qismində çıxış edə bilərlər.
Xatırladaq ki, daha əvvəl "Əl-Nəsr" Kriştiano Ronaldonu transfer edib. Dünən isə "Əl-İttihad" "Real" Madridin superulduzu olmuş Kərim Benzemanı aldığını açıqlayıb. PSJ-dən ayrılan Lionel Messinin “Əl-Hilal”a keçə biləcəyinə dair iddialar var.
Müqavilənin maddi şərtləri rəsmi olaraq mediaya açıqlanmayıb. Amma qeyri-rəsmi xəbərlərə görə Ronaldo 2,5 illik müqaviləyə görə hər mövsüm üçün 200 milyon avro, Benzema isə 2 mövsüm üçün 200 milyon avro qazanacaq.
“Əl-İttihad” 2022/23 mövsümündə Səudiyyə Ərəbistanı çempionu olub. Onlar bu mövsüm ölkələrini Asiya Çempionlar Liqasında təmsil edəcəklər. "Əl-Nəsr" və "Əl-Hilal" isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.