Xəbər verildiyi kimi, Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib. Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in Rusiya hərbçiləri tərəfindən vurulduğu bildirilir.
Sportarena.az xəbər verir ki, nəticədə bəzi yaşayış məntəqələri su altında qalıb. Bu barədə “Cənub” Operativ Komandanlığının spikeri Vladislav Nazarov teleqram səhifəsində məlumat verib.
“Rusiya işğalçı qoşunları “Kaxovskaya” Su Elektrik Stansiyasını partladıb. Hazırda dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir. Bütün xidmətlər işləyir”, - deyə Nazarov bildirib.
Hadisə nəticəsində Yeni Kaxovka şəhərindəki stadion da tamamilə su altında qalıb. Burada 2-ci liqa yarışmış “Enerqiya” komandası ev oyunlarını keçirib. 2022-ci ilin aprelin 1-də, Rusiyanın Ukraynaya hərbi təcavüzündən bir müddət sonra klub fəaliyyətini dayandırdığını elan edib.