“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya futbolunda irqçilik problemindən danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, İngiltərədə heç vaxt irqçi davranışlara şahid olmadığını deyib:
“İrqçilik şübhəsiz ki, ciddi problemdir. Stadionun düşmən mühitə çevrildiyini qəbul edə bilmirəm. Dərinin rənginə, dininə, futbolçunun və ya məşqçinin milli mənsubiyyətinə görə yaranan bu nifrət mühitinə dözə bilmirəm.
İngiltərədə dörd ildə bir adama qarşı belə təhqirləri xatırlamıram. Bəli, fit səsi, hətta şüarlar da var idi, amma şəxsiyyətə bir dəfə də olsun hücum olmadı. Nifrətlə mübarizə aparılmalıdır, bu, uzun bir proses olacaq”.
Ançelotti, “Bəlkə, ilk irqçi təhqirdə komandalar oyunu dayandırsınlar” sualına belə cavab verib:
“Bu, həll yolu ola bilər. Amma hələlik heç bir cəza yoxdur. Qaydalarda dəyişikliklərə ehtiyacımız var. Meydanda müdaxilə edə bilən və etməli olan hakim var.
İspaniyada Vinisius Juniorla bağlı məsələdən sonra irəliləyiş başladı. Lakin bir qrup “Valensiya” azarkeşi məni Mestalyadakı bütün azarkeşləri irqçilikdə ittiham etdiyim üçün qınadı. Üzr istədim, amma məsələ hələ də açıqdır”.
“Real”ın cinah oyunçusu Vinisius Junior 2022/23 mövsümündə dəfələrlə irqçi təhqirlərə məruz qalıb.