"İnter"in baş məşqçisi Simon İnzaqi Çempionlar Liqasının finalında "Mançester Siti"yə uduzmaqları (0:1) barədə danışıb.
Sportarena.az "Football İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:
"Əla oynadıq və bununla fəxr etməliyik. Bəli, biz daha çoxuna layiq idik. Oyunçularımı bir-bir qucaqladım - onlar da bizim azarkeşlər kimi qeyri-adi idilər və hamımız fərqli nəticəyə layiq idik. Amma ümid edirəm ki, azarkeşlər komandanın bu axşam belə oynamasına sevindi. Matçın son 25 dəqiqəsində baş verənləri hamı gördü. Görünürdü ki, top qapıya getmək istəmir. Bu, çox təəssüf ki, Çempionlar Liqasının finalında baş verir. Qapı tiri, topun qapı xəttindən uzaqlaşdırılması...
“Mançester Siti”yə qarşı var gücümüzlə oynadıq və bunu çox yaxşı bacardıq. Düşünürəm ki, gələcəkdə buraya yenidən qayıdacağıq. Bu gün uşaqlara dedim ki, onlar əldə etdikləri ilə fəxr etməlidirlər. Onlar bütün dünyaya “Mançester Siti”i qarşısında nə qədər yaxşı dayandıqlarını göstərdilər".