Premyer Liqada son 5 ilin azarkeş rekordu qeydə alındı

13:00 12 İyun 2023

Azərbaycan Premyer Liqasının başa çatan 2022/23 mövsümünün oyunlarını 261 min 564 tamaşaçı izləyib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib.

 

Baş tutan 180 matçda orta göstərici 1453-ə bərabər olub. Bu, son 5 mövsümün rekordudur. Daha yüksək göstəriciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub – 2007.

 

Bu rəqəm 2018/19 mövsümündə 1015, 2019/20 mövsümündə 1007, 2021/22 mövsümündə 794-ə bərabər olubsa, 2020/21 mövsümü tamaşaçılarsız keçirilib.

 

Ən çox seyrçi 14-cü turun “Sabah” – “Qarabağ” görüşündə (0:0) qeydə alınıb – 10000. Üç qarşılaşmada 7000 izləyici olub. Bu matçlar 16-cı və 32-ci turun “Neftçi” – “Qarabağ” (0:4 və 2:4), 30-cu turun “Sabah” – “Qarabağ” (2:1) duelləridir. “Beşlik”də Bakıdan kənarda baş tutan bir qarşılaşma var. 3-cü turun “Turan Tovuz” – “Qarabağ” oyununu (0:2) 5800 izləyici seyr edib. Ən çox tamaşaçı olan 5 matç çempionun səfər görüşləridir.

 

Klublar arasında lider “Turan Tovuz”dur. Premyer Liqanın debütantının ev oyunlarını 63 min 300 nəfər izləyib. Çempionatda 2-ci olan “Sabah” və 3-cü yeri tutan “Neftçi” tamaşaçı sayında da eyni mövqedə qərarlaşıb. “Qarabağ” isə 5-ci sıradadır.


Digər xəbərlər

Xəbər xətti