“Barselona” maaş fondunu daha da azaltmaq niyyətindədir – 450-470 milyon avroya qədər.
Sportarena.az “sports.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun planına görə, bu məbləğ növbəti mövsümün əvvəlinə qədər əldə edilməlidir.
Ötən mövsüm “Barsa”nın maaş ödənişləri 656 milyon idisə, hazırda 530 milyondur.
Xərclərin azalması Serxio Buskets və Jordi Albanın, daha əvvəl isə Jerar Pike və Memfis Depayın gedişləri ilə bağlı olub.
Növbəti addım başqa klublara icarəyə verilmiş futbolçularla yolları ayıraraq, 50 milyon avro xərcdən azad olmaqdır. Bunlar Kleman Lanqle, Samuel Umtiti, Serjinyo Dest, Aleks Kollado və Qustavo Mayadır.
Klubun qadınlardan ibarət komandasının, həmçinin basketbol, həndbol və futzal komandalarının maaşlarına sərf olunan 90 milyon avronun bir qədər azaldılması da nəzərdə tutulub.