AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan Estoniya yığması “Dalğa Arena”nı 1:1 hesablı bərabərliklə tərk edib.
Sportarena.az saytı xəbər verir ki, görüşün ardından estoniyalıların baş məşqçisi Tomas Heberli mətbuat konfransında komandasının çıxışını dəyərləndirib:
“İkinci hissənin sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq. Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi. Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.
Çalışdırıcı bütün əvəzləmələrdən yararlanmamasını komandasının düzgün müdafiə olunması ilə əlaqələndirib: “Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Rəqib də fasilədən sonra yaxşı çıxış edirdi. Ağıllı oynamalı, düzgün dəyişiklik etməli idik. Ümumilikdə komandamız yaxşı oynadığı üçün bütün əvəzləmələrdən istifadə etmədik”.
Heberli Azərbaycanla evdəki görüşdə də bənzər mübarizə gözləyir: “Estoniyada da bərabər səviyyədə oyun olacağını düşünürəm. Ümumiyyətlə, hər matç çətin olacaq. Azərbaycanla müqayisədə hava bir az isti ola bilər”.