Rəşad Sadıqov: "Estoniyaya qalib gələ bilmirsənsə, bu, artıq uğursuzluqdur"

10:18 19 İyun 2023

"Estoniya ilə oyunu canlı izləyirdim. Hamımız millidən qələbə gözləyirdik. Biz özümüz bir kənara, məşqçilər heyəti və futbolçular da qələbəyə köklənmişdilər. Amma qalib gələ bilmədik. Bu oyunda qələbə qazana bilmirsənsə, bu, artıq uğursuzluqdur. Mənim də məşqçi həyatımda elə olub ki, bəzən hansısa matçda mütləq qalib gəlməli idim, amma bəzən bu, alınmayıb".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avro-2024-ün seçmə mərhələsində millimizin Estoniyaya qarşı keçirdiyi oyunu (1:1) şərh edərkən jurnalistlərə deyib.

 

Sadıqov indiki millimizdə komanda ruhunun olmaması haqda sualı belə cavablandırıb:

"Komanda ruhu olmadığını demək olmaz. Çünki bəzi oyunlarda həmin ruhu görmüşük. Son dönəmdə formalaşmış yaxşı heyət var. Öz klublarında, millinin bir çox oyunlarda mübarizə aparıblar. Bir-iki mövqedə problemimiz var. Amma ümumən götürsən, bəlkə də, son illərin ən yaxşı heyətidir. Bir çox matçlarda, xüsusilə səfər görüşlərində 90 dəqiqə olmasa da, müəyyən dəqiqələrdə yüksək səviyyədə oynamışıq. Buna ustalıq, bacarıq lazımdır. O, bizdə var. Sadəcə olaraq, bunu stabilləşdirib, tam potensiallarını almaq lazımdır. Estoniya ilə matçda daha yaxşı oynaya bilərdik. Söhbət nəticədən getmir. Mövsümün sonudur, futbolçular yorğun idi, bəlkə də çox köklənmişdilər oyuna, psixoloji cəhətdən hansısa sıxıntı var idi. Kollektivin içində deyiləm deyə, dəqiq fikir səsləndirə bilməyəcəm".

 

Millimizin sabiq kapitanı seçmə mərhələdən öncə yığma komandamızın ardıcıl 5 qələbə qazanmasına da toxunub:

"Qələbədən qələbəyə fərq var. Baxır onu kim üzərində və necə qazanırsan. Millinin elə məğlubiyyətləri var idi ki, onlar mənə daha xoş idi. Çox ümidverici oyunlar olurdu. Futbolçular və komanda böyük potensial ortaya qoyurdu. Sadəcə olaraq, nəticəyə çevirə bilmirdilər. Yoldaşlıq görüşü mənim üçün heç vaxt göstərici, nəticə olmayıb. Yalnız məşqdir.  Yaxşı rəqiblərlə 45-70 dəqiqə oynadığımız oyun mənim üçün daha ümidverici idi, nəinki yoldaşlıq görüşlərdəki qələbələr".


Digər xəbərlər

Xəbər xətti