"Neftçi" tezliklə baş məşqçisi Laurentsiu Regekampfla vidalaşacaq.
Sportarena.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı pozulması istiqamətində bir çox məsələlərdə razılıq əldə olunub. İddiaya görə, rumıniyalı çalışdırıcı tezliklə Bakıda qaldığı mənzili boşaldacaq.
Tərəflər arasında təzminat barədə danışıqlar davam edir. Regekampfın "ağ-qaralar"dan 100 000 avro tələb etdiyi, paytaxt klubunun isə bu məbləği bir qədər aşağı salmağa çalışdığı bildirilib.
Bir müddət öncə Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan təcrübəli mütəxəssisin ölkəsinə qayıdacağı gözlənilir. Onun "Styau"nın prezidenti Cici Bekali və "Universitatya Krayova"nın rəhbəri Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif etdiyi iddia olunur.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.