Estoniyalı futbolçu: “Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”

18:49 19 İyun 2023

“Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”.

 

Sportarena.az xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Karol Mets Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

 

Yerli mətbuata açıqlama verən 30 yaşlı mərkəz müdafiəçisi “Dalğa Arena”dakı qarşılaşmada əllərinə düşən imkanları dəyərləndirməməyin onlara baha başa gəldiyini söyləyib:

“Birinci hissə bizim üstünlüyümüz şəraitində keçdi, hər şey yaxşı alınırdı. Düzgün ötürmələrlə rəqibin müdafiəsindəki boşluqları tapa bilirdik. Qol vurmaq üçün də kifayət qədər imkanlarımız oldu. Lakin bundan yararlana bilməməyimiz sonda belə nəticəyə gətirib çıxardı”.

 

Mets görüşün ikinci hissəsində Azərbaycan yığmasının daha yaxşı çıxış etdiyini etiraf edib:

“Rəqib fasilədən dərhal sonra əvəzləmələrə əl atdı, sistemi dəyişdi. Bizdə sanki bir qədər çaşqınlıq yarandı. Həm də nəzərə alaq ki, Azərbaycan yığması evdə oynayırdı və məğlub durumda idi. Belə vəziyyətdə onların hücuma atılmaları başadüşüləndir. Ümumilikdə birinci hissəni biz, ikinci yarını isə rəqib üstün keçirdi”.

 

Qeyd edək ki, Estoniya yığması F qrupunun növbəti turunda iyunun 20-də Belçika millisini qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti