Avropa Oyunları: Daha iki medal taekvondoçulardan gəldi

09:51 24 İyun 2023

Krakov-2023 üçüncü Avropa Oyunlarında taekvondo yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk gün Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Dayanq üzərinə çıxan 4 yığma üzvündən 2-si çıxışını medalla başa vurub.

 

54 kq çəkidə mübarizə aparan Səyyad Dadaşov 1/8 finalda Xalid Abdel Halimini (Almaniya) sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz 1/4 finalda Lübomir Boqdanova (Bolqarıstan) da eyni hesabla qalib gəlib. O, yarımfinalda isveçli Ebrahim Marvan üzərində də hər iki raundda qələbə qazanıb. Avropa çempionu finalda ispaniyalı Hüqo Vaskes ilə döyüşüb və rəqib 2:1 hesabı ilə üstün olub. Nəticədə Dadaşov Avropa Oyunlarını gümüş medalla bitirib.

 

Qaşım Maqomedov (58 kq) 1/8 finalda Aymen Açninedən (Niderland) üstün olub – 2:0. O, ardınca Adrian Visenteyə (İspaniya) eyni hesabla məğlub olsa da, rəqib finala kimi irəlilədiyindən təsəlliverici görüşə qatılıb. İsrailli Dmirti Naqayev üz-üzə gələn təmsilçimiz 2:0 hesabı ilə qalib gəlib. Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qüvvəsini sınayıb. O, inamlı qələbə sayəsində Oyunları 3-cü yerdə başa vurub.

 

Minayə Əkbərova (46 kq) 1/8 finalda Sofiya Zampettiyə (İtaliya) məğlub olsa da, rəqibin irəliləməsi taekvondoçumuzun bürünc medal yolunu açıb. Həmyerlimiz təsəlliverici döyüşdə Avropa Olimpiya Komitələrinin bayrağı altında çıxış edən Dina Puryunesə 2:0 hesabı ilə qalib gələrək, üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, Kiriaki Kouttouki (Kipr) ilə gücünü yoxlayıb və döyüşü rəqib aktivinə yazıb.

 

Patimat Abakarova (49 kq) isə 1/8 finalda Sufarada Kisskalta (Almaniya) 0:2 hesabı ilə məğlub olub.

 

Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.

 

Polşada daha öncə karate yığmamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanmışdılar. Hazırda Azərbaycanın hesabında 5 (2 qızıl, 1 gümüş, 2 bürünc) medal var.


Digər xəbərlər

Xəbər xətti