“Azərbaycan yığmasının Avropa çempionatında olması çətin görünür. Ümid edirəm ki, Türkiyə millisi Almaniyaya gedəcək”.
Sportarena.az xəbər verir ki, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında çıxışı zamanı deyib.
AFFA-nın vitse-prezidenti Türkiyə yığmasının AVRO-2024-ün seçmə mərhələsindəki çıxışına qiymət verib: “AVRO-2024-ün seçmə mərhələsində Uels və Latviya ilə oyunlarda qazanılan 6 xala görə Türkiyə millisini təbrik edirəm. Gözəl qola imza atan Arda Gülər hər kəsə böyük örnək olacaq”.
Elxan Məmmədov Türkiyədə baş verən zəlzələ zamanı TFF-nin atdığı addımların alqışalayiq olduğunu söyləyib: “Türkiyədə baş verən zəlzələnin ardından Türkiyə Futbol Federasiyası “Çiyin çiyinə” kompaniyası ilə dərhal yardıma başladı. Başda federasiya prezidenti Mehmet Büyükekşi olmaqla İdarə Heyətini bu addıma görə təbrik etmək lazımdı. Gözəl kompaniya ilə zəlzələdən əziyyət çəkən insanların yanında oldular”.
Azərbaycanlı futbol funksioneri qardaş ölkədə Çempionlar Liqasının final matçının yüksək səviyyədə təşkil olunduğunu sözlərinə əlavə edib: “Pis hadisələrlə yanaşı, xoş anlar da oldu. İstanbulda futbol bayramı yaşandı. Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalı burada keçirildi. Türkiyə ən gözəl və peşəkar finallara ev sahibliyi edə bildiyini göstərdi”.
Qeyd edək ki, finalda “İnter”i 1:0 hesabı ilə məğlub edən “Mançester Siti” Çempionlar Liqasının qalibi olub.