“Təcrübə və çəki fərqi özünü göstərdi” - Muaytay komandasının baş məşqçisi

23:17 26 İyun 2023

"Təcrübə və çəki fərqi özünü göstərdi. İdmançılarımız yarımfinalda çox güclü rəqiblərlə düşmüşdülər".

Sportarena.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Oyunlarda 3 bürünc medal qazanmış Azərbaycan muaytay komandasının baş məşqçisi Azər Həsənsoy deyib.

Milli komandanın baş məşqçisi 3 idmançımızdan ikisinin yarımfinaldakı rəqibinin dünya, birinin isə Avropa çempionu olduğunu qabardıb: "Üstəlik, Xəyal Əliyev 63 kq çəkiyə malik olsa da, 67 kq rəqibi ilə üz-üzə gəldi, bu da özünü büruzə verdi. Ancaq nəzərə alsaq ki, idmançılarımızın cəmi 17 yaşları var, bu üç bürünc medalı yüksək dəyərləndirmək olar. Düşünürəm ki, onlar da yaşları və təcrübələri artdıqca ən yüksək nəticələri göstərəcəklər".

Təcrübəli mütəxəssis idmançıları qarşıdakı MDB Oyunlarına, həmçinin Türkiyədə gənclər arasında dünya çempionatına hazırlayacaqlarını da qeyd edib: "Həmişə demişəm, yenə deyirəm, idmançının qələbə qazanmasının əsas faktoru taktikanın düzgün qurulmasıdır. Taktikanı da məşqçi qurur, kənardan deyir, əgər idmançı onu eşidirsə, onda qələbə də gəlir. Əsas məsələ idmançıların məşqçini nə qədər eşitməsidir".

Qeyd edək ki, Azərbaycan muaytay millisi Avropa oyunlarında 3 bürünc medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti