Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsinə start verilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb.
Sportarena.az xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib.
Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb.
O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub.
Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq.
Qeyd edək ki, bu gün daha 3 boksçumuz dörddəbir final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.